Kölgə
Kölgə
çox sıxılırdı, üz-gözündən təklik tökülürdü.
Ayağa qalxdı gedib aid olduğu vücudu tapacaqdı. Belə olmazdı axı çox
darıxırdı. Heç nə onu həyata təkrar bağlaya bilmirdi. Sahibindən niyə necə
qopduğunu anlaya bilmirdi. Özündən çox aid olduğu vücudu düşünürdü. O adam kölgəsiz
necə yaşaya bilirdi görəsən?
Kölgə
yorğun idi rəngi öləzimişdi. Yetim idi
artıq.
Qaranlıq rəngdəki bədəni qarışmışdı gecəyə
dartıb ayıra bilmirdi özünü gecədən. İtirdi kölgə. Günbəgün, saatbasaat, anbaan
itirdi...
Özünü tapa bilməyənləri kim tapa bilərdi
axı? ... Heç kim yaxın durmazdı bu missiyaya. Kimə lazım idi itənlər, itirilənlər...
Hər səhər baş ağrısıyla oyanırdı yuxudan.
Xatirələr, düşüncələr məngənəsində sıxılan beynini itirmək istəyirdi belə
anlarda. Bəlkə də sahibi də, eyni şeyləri hiss etmişdi. Və kölgəni könüllü
itirmişdi. Bilmirdi...
Bu düşüncələr kölgənin xoşuna gəlmədi,
divardan tuta-tuta güc bəla ilə ayaqda durmağa çalışdı. Özünü toplamağın
yollarını aramalıydı. Halsızlıqdan qəddi bükülürdü arada. Rəngi qaçırdı, ən əsası
isə belə hallarda həmişə özündən qaçırdı.
Ayaqüstə dura bilmirdi. Divarın dibinə
qısıldı. Gözləri yol çəkirdi. Kimi çəkirdi?
Düşündü kölgə. “Yol çəkmək” ifadəsinin ifadəsizliyini.
Gözlər gözləri çəkə bilmirdisə əgər, yolu necə çəkə bilərdi axı. Bunu hansı dəli
uydurmuşdu. Hamı da inanmışdı.
Yanında oturan adama gözünün ucuyla baxdı.
Adamın kölgəsini qısqandı. Adamsız qalmışdı kölgə. Bu qədər cəmiyyətdə adamsız
qalmaq çox çətin hissdir.
Kölgə yanında əyləşən nimdaş ruhlu adama tərəf
əyildi. Başını onun çiyninə söykəmək istədi. Adam kölgəni silkinib qalxdı.
Kölgənin başı asfalta dəydi, vallah pis dəydi.
Hələ bu bəs deyilmiş kimi kölgənin xətrinə də dəydi bu.
Atılmış, bəzənsə satılmış idi artıq. Görməməzlikdən
gəlinməkdən lap zəhləsi gedirdi. Axı o harda idi?...
Bildiyi tək bir şey var idi yaman
darıxırdı. Bəzən viski şüşəsində özünə tamaşa edirdi. Solğunlaşmışdı kölgə. Ya da adamsızlaşmışdı
bilmirdi.
Amma dəyişmişdi, dəyişdirilmişdi. Sahibinə güvənmişdi, güvənini itirmişdi,
itirilmişdi.
Amma yenə də onu axtarırdı gözləri.
Çırpınırdı kölgə, onu axtarmayana tərəf.
Unudurdu kölgə yavaş-yavaş, unudulurdu. Unudulmaq üşüdürdü onu.
Kölgə hiss edirdi ki, onda nəsə dəyişir.
Sonra kölgə son gücünü topladı, işıq gələn bir pəncərəyə yaxınlaşdı. İçəridə
idi.
Nəhayət onu tapmışdı. Budur o. Ancaq kölgənin
düşüncələri bir anda yerlə-yeksan oldu. Əriyib dodaqlarında qaldı. Heç vaxt
ucadan tələffüz olunmadı. Anladı ki, atılıb. Artıq bundan əmin idi. Onun yerini
də, xoşbəxtliyini də oğurlamışdılar. Özündən savayı heç nəyə aid deyildi artıq.
Özünü qucaqladı bərk-bərk. Öpə bilmədi öz dodağından. Sarsıldı kölgə.
Üzünü şüşəyə söykəyib dayandı. Yavaş-yavaş
dəli olduğunu düşünürdü. Saniyə-saniyə dəli olurdu.
Qar yağırdı küçəyə, həyətə, evə və kölgənin
düşüncələrinə. Dəlilik yağırdı üz-gözündən.
Gerçəyi anlayan Kölgə sürünə-sürünə
uzaqlaşırdı adamlıqdan, insanlığa tərəf.
Nargis (Nərgiz İsmayılova)
Hiç yorum yok:
Yorum Gönder